“Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ili mənfəətlə başa vurdu.
2020-01-29 19:21:18
-
“Yapı Kredi Bank Azərbaycan” QSC-in 2019-cu ilin sonuna dair açıqladığı hesabatda bankın kifayət qədər güclü maliyyə dayanıqlılığını görmək mümkündür.
Bank 2019-cu il üzrə xalis mənfəətini artan xətt üzrə inkişaf etdirmiş və ili 4 mln. manat mənfəətlə başa vurmuşdur.
Bankın 2019-cu il üzrə müsbət göstəricilərindən biri 48% səviyyəsində olan ani likvidlik əmsalıdır. Xatırladaq ki, bu göstərici üzrə müəyyən olunmuş norma 30% səviyyəsindədir. Bankçılıq sahəsində beynəlxalq təcrübəyə sahib Yapı Kredi Bank Azərbaycan likvidlik üzrə qabaqcıl standartları tətbiq etməklə dayanıqlı inkişafını təmin edir.
Yapı Kredi Bank Azərbaycan 2018-ci il ilə müqayisədə 2019-cu ildə aktivlərini artıraraq 428.6 mln. manata çatdırmışdır.
Yapı Kredi Bank Azərbaycan real sektorun dəstəklənməsi istiqamətində Strateji Yol Xəritələrində müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq qeyri-neft sektorunun maliyyələşdirilməsi fəaliyyətini davam etdirmiş və kredit portfelini 7.6% artıraraq 187.3 mln manata qədər yüksəltmişdir. Xüsusilə, biznes subyektlərinin kredit portfelinin həcmi 2018-ci illə müqayisədə 15.7% artaraq, 130 mln. manata yüksəlmişdir.
Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. 2018-ci ilin yekunuyla müqayisədə bankın I dərəcəli kapitalı 8.76% artaraq 66.6 mln. AZN, məcmu kapitalı 3,64% artaraq 72,8 mln. AZN olmuşdur.
Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 30.1%-ə, məcmu kapitalın adekvatlıq əmsalı artaraq 33%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.
Qeyd edək ki, ana səhmdarı Koç Holding (Türkiyə) və UniCredit (İtalya) olan Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Hazırda Azərbaycanda bankçılıq sektorunda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.